Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan Ombudsmanının bəyanatında Xocalı soyqırımının yeni qurbanlarından bəhs edilir

100

1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.

Trend xəbər verir ki, bu barədə Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxmasına dair Ombudsmanın açıqlamasında deyilir.

Bildirilib ki, ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb:

"Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir.

Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib, eyni zamanda, bugünədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb".

Qeyd edək ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun kütləvi məzarlıqdan tapılan qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, daha əvvəl 10 nəfərin, o cümlədən, Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları müəyyən edilib.

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın