Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Dünya Bankı TBNM layihəsi çərçivəsində Gürcüstana 372 milyon dollar ayırıb

55

Dünya Bankının Direktorlar Şurası "Transxəzər Nəqliyyat Dəhlizi (TBNM) - Gürcüstanın əlçatanlığının və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması" (TC-GATE) layihəsinin maliyyələşdirilməsinə 372 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında qeyd olunub.

Dünya Bankının açıqlamasına əsasən, TC-GATE çərçivəsində ölkənin dəmir yolu və avtomobil yolu infrastrukturunun müasirləşdirilməsi, yük daşınmalarının həcminin artırılması, eləcə də nəqliyyat sahəsində institusional islahatların reallaşdırılması planlaşdırılır.

Qeyd olunub ki, layihə dəhliz boyunca mövcud infrastruktur problemlərinin həll edilməsinə, logistika məsrəflərinin aşağı salınmasına və bazarlara giriş imkanlarının genişləndirilməsinə yönəlib. Layihədən təqribən 900 min insanın bilavasitə faydalanacağı proqnozlaşdırılır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, bu investisiyalar Gürcüstanın Avropa ilə Asiya arasında əhəmiyyətli tranzit mərkəzi kimi rolunu daha da gücləndiəcək və Orta Dəhlizə artan beynəlxalq tələbin ödənilməsinə şərait yaradacaq.

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili isə vurğulayıb ki, layihə ölkənin beynəlxalq ticarət marşrutlarındakı əhəmiyyətini artıracaq, yeni iqtisadi perspektivlər formalaşdıracaq və regional əlaqələrin davamlılığını təmin edəcək.

Açıqlamaya görə, TC-GATE layihəsinin ümumi dəyəri 750 milyon ABŞ dollarını ötür. Layihənin 372 milyon dollarlıq hissəsi Dünya Bankı tərəfindən maliyyələşdirilir, qalan məbləğ isə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı tərəfindən ortaq şəkildə qarşılanacaq.

Layihə çərçivəsində yeni enerji qənaətli elektrik lokomotivlərinin alınması planlaşdırılır ki, bu da Gürcüstanın dəmir yolu sisteminin əməliyyat effektivliyini yüksəldəcək. Eyni zamanda Kaxeti bölgəsində strateji cəhətdən vacib olan Badiauri–Çalaubani–Bakurtsixe və Qurcaani–Telavi yol sahələrinin inşası maliyyələşdiriləcək.

Layihənin icrası nəticəsində Telavi ilə Poti limanı arasındakı yol müddətinin təxminən 43 dəqiqə qısalacağı, yol təhlükəsizliyinin artacağı və nəqliyyat infrastrukturunun iqlim dəyişikliklərinə qarşı dözümlülüyünün güclənəcəyi gözlənilir.

Bundan başqa, layihə daxilində yol infrastrukturunun idarəçiliyinin rəqəmsallaşdırılması, ağıllı nəqliyyat texnologiyalarının tətbiqi və Kaxeti bölgəsində qadın sahibkarlara dəstək göstərilməsi də nəzərdə tutulmuşdur.

TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çinlə Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya lazımi məlumat dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına və müxtəlif ölkələrdən olan, o cümlədən coğrafi baxımdan bilavasitə TBNM marşrutu boyunca yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyin təmin edilməsinə kömək edir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın