Elektron siqaretlərə qadağa: ictimai sağlamlıq və dövlətin qoruyucu siyasəti
“Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, 2026-cı il aprelin 1-dən etibarən elektron siqaretlər qadağan olunub. Qadağalar İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə də öz əksini tapıb. Belə ki, yeni maddəyə əsasən qanunvericiliklə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretlərdən istifadə ilə bağlı cərimələrin tətbiqi, həmçinin elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması hallarında həmin malların müsadirə edilməsi və müvafiq cərimələrin tətbiqi nəzərdə tutulur.
Beləliklə, aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, istehsalı, dövriyyəsi və ictimai yerlərdə istifadəsi qadağan edilib. Bu məhsulların idxalı, satışı və ya dövriyyəsi halları aşkar edildikdə, müvafiq qanunvericiliyə uyğun olaraq mallar müsadirə edilir və şəxslər 300 manatdan 5000 manatadək inzibati qaydada cərimələnir, zəruri hallarda isə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
İctimai yerlərdə elektron siqaretdən istifadə edən şəxslər üçün isə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Bu baxımdan, elektron siqaretlərlə bağlı tətbiq olunan məhdudiyyətlər əhəmiyyətli dərəcədə sərtləşdirilib.
Beynəlxalq təcrübə göstərir ki, dünya ölkələri bu məhsullara qarşı iki əsas yanaşma tətbiq edir: tam qadağa və ya ciddi tənzimləmə. Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il hesabatına əsasən, hazırda 46-dan çox ölkə elektron siqaretlərin satışını və paylanmasını tamamilə qadağan edib.
ÜST-nin məlumatına görə, dünyada 100 milyondan çox elektron siqaret istifadəçisi mövcuddur və bunun təxminən 15 milyonunu 13-15 yaşlı yeniyetmələr təşkil edir. Gənclər arasında istifadə səviyyəsi yetkinlərlə müqayisədə 9 dəfə yüksəkdir. Bu tendensiyanın əsas səbəbləri kimi rəngarəng dizaynlar, müxtəlif meyvə dadları və sosial mediada aparılan cəlbedici reklamlar göstərilir.
Bununla yanaşı, elektron siqaretlərin yaydığı xoş qoxulu aerozollar onların qapalı məkanlarda istifadəsini asanlaşdırır və bu da passiv təsir (passiv siqaretçəkmə) riskini artırır.
Ölkədə qəbul edilən bu qərarların beynəlxalq təşkilatların hesabat və tövsiyələri ilə uzlaşması sosial sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sağlam gələcəyin təmin edilməsi üçün bu qərarların faydaları və üstünlükləri də diqqət mərkəzindədir.
Bu kontekstdə məsələ ilə bağlı ekspert rəyləri xüsusi əhəmiyyət kəsb edir. Mövzunun həm tibbi, həm də sosial aspektlərinin daha dərindən qiymətləndirilməsi üçün mütəxəssislərin yanaşması vacibdir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, elektron siqaretlərin qadağan olunması iqtisadi deyil, sosial məsələ kimi qiymətləndirilməlidir. Bu qərarın əsas səbəbi elektron siqaretlərin insan orqanizminə vurduğu zərər, nikotin asılılığı yaratması və xüsusilə gənclər arasında siqaretə meyli artırmasıdır. Son dövrlərdə hətta orta məktəb şagirdləri arasında da elektron siqaretdən istifadənin geniş yayılması müşahidə olunurdu.
“Elektron siqaretlərin məhdudlaşdırılması və ya qadağan olunması beynəlxalq təcrübədə də geniş yayılıb. Mərkəzi Asiya ölkələrindən Türkmənistan, Özbəkistan və Qazaxıstanda bu məhsulların istifadəsi qadağan edilib. ABŞ və bir sıra Avropa ölkələrində onların dövriyyəsi ciddi şəkildə tənzimlənir, Türkiyədə satışı qadağandır, Avstraliyada isə resept əsasında satışına icazə verilir. Asiya ölkələrindən Sinqapur, Tailand, Hindistan, Laos, Bruney və Kambocada tam qadağa tətbiq olunub. Yaxın Şərqdə Qətər və Küveytdə məhdudiyyətlər mövcuddur, Latın Amerikası ölkələrindən Braziliya və Meksika isə bu məhsulları qadağan edib.
Beynəlxalq təcrübə göstərir ki, elektron siqaretlərin istifadəsini məhdudlaşdıran ölkələrin sayı getdikcə artır. Azərbaycan da bu qadağanı tətbiq etməklə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm addım atıb”,- deyə A.Badamov əlavə edib.

Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının şöbə müdiri Şəhriyar Məhərrəmov bildirib ki, elektron siqaretlər insan sağlamlığı üçün ciddi risklər daşıyır. Tərkibində formaldehid, akrolein, ağır metallar və uçucu üzvi birləşmələr kimi toksiki və kimyəvi maddələr mövcuddur. Bu maddələr hüceyrələrdə dəyişikliklərə, iltihabı proseslərə və genetik zədələnmələrə səbəb olur.
Pulmonoloq elektron siqaretlərin tənəffüs sisteminə təsirlərinin ciddi xarakter daşıdığını vurğulayıb: "Elektron siqaretlərin istifadəsi bronx və ağciyərlərdə iltihabı dəyişikliklər yaradır, yuxarı və aşağı tənəffüs yollarında xroniki zədələnmə riskini artırır. Bundan başqa, ürək-damar sisteminin fəaliyyətinə də mənfi təsir göstərir: istifadə zamanı ürək döyüntüləri sürətlənir, qan təzyiqi yüksəlir və damarların elastikliyinə mənfi təsir göstərərək ürək-damar xəstəliklərinin inkişafı riskini artırır”.
O əlavə edib ki, nikotin asılılığı da elektron siqaretlərin yaratdığı ciddi problemlərdəndir. İnsanlarda tez-tez “nikotin asılılığı yaranmır” kimi yanlış təsəvvür olsa da, əslində bu məhsullar güclü asılılıq yaradır. Bundan əlavə, diqqət və yaddaş funksiyalarına mənfi təsir göstərir, uzunmüddətli istifadədə xüsusilə gənc yaşlarda beyin funksiyalarına pozucu təsir göstərə bilir.
Bir sözlə, ölkəmizdə elektron siqaretlərin istifadəsinin və satışının qadağan olunması yaxın gələcəkdə gənc nəslin bu zərərli vərdişlərdən tam imtina edərək sağlam həyat tərzinə yönələ bilməsi üçün atılmış mühüm addımdır.


