Azərbaycan nümunəvi dövlətdir - Patriarx Kirill
Azərbaycan nümunəvi dövlətdir.
Trend Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Moskva və bütün Rusiyanın Patriarxı Kirill X Sankt-Peterburq Beynəlxalq Mədəniyyətlərin Vəhdəti Forumunda “XXI əsr mədəniyyəti. Suverenlik və ya qloballaşma” mövzusunda mühazirəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan, ilk növbədə, sizin Prezidentinizlə səmimi, mehriban dostluq münasibəti zəminində mənim çox bağlı olduğum ölkədir. Onunla tanış olduğumuz və ünsiyyət qurduğumuz vaxt bizim dünyagörüşümüzdə, tarixə yanaşmamızda, hazırda baş verənlərlə bağlı mövqeyimizdə çoxlu bənzərliyin olduğunu gördük. Ona görə də sizin Prezidentiniz və onun ailəsi ilə dünyanın heç bir dövlət başçısı ilə olmayan səviyyədə dostluğumuz var. Məsələnin mahiyyəti bundan ibarətdir", - deyə o bildirib.
O, həmçinin Azərbaycanın müasir dövlət olduğunu vurğulayıb.
"Demək olar ki, çoxkonfessiyalı ölkədir. Azərbaycanda, ilk növbədə, müsəlman icması üstünlük təşkil edir, amma pravoslav icması da mövcuddur. Burada heç bir dinlərarası münaqişə yoxdur. Dövlət bu münasibətləri tənzimləmək üzrə öz üzərinə çox gözəl missiya götürüb, bu əsnada tam qarşılıqlı fəaliyyət göstərmək, hər hansı münaqişə və ya anlaşılmazlığı istisna etmək üçün dini icmaların daxili işlərinə müdaxilə edilmir. Hesab edirəm ki, Azərbaycan bu sahədə nümunəvi dövlətdir. Bu ölkədə iki güclü icma, ilk növbədə, çoxsaylı müsəlman və həm də pravoslav icmaları var. Bu iki real ictimai gücün qarşılıqlı fəaliyyəti ahəngdardır. Belə əla Prezidentiniz olduğuna görə də sizi ancaq təbrik edə bilərəm. Mən, həmçinin sevinirəm ki, sizin Prezidentinizlə bizim dövlət başçımız arasında çox yaxın şəxsi münasibətlər mövcuddur. Demək ki, xalqlarımız arasında dostluq münasibətləri də bu əsasda möhkəmlənir", - deyə Patriarx Kirill əlavə edib.