Azərbaycan Belarus ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini davam etdirmək əzmindədir
İyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib.
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç çıxış edərək ölkəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən və həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, haqsız sanksiyalarla üzləşməsinə baxmayaraq, Belarus özünəməxsus iqtisadi inkişaf yolu keçib. Təsadüfi deyil ki, ölkə 30 milyard dollar həcmində ixrac həyata keçirib. Belarusun səhiyyə sistemi də yüksək inkişaf səviyyəsi ilə seçilir. Bildirilib ki, ölkənin sanatoriyalarında 170 min xarici vətəndaş müalicə alıb.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko iki ölkə arasında əlaqələrin möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıblar. Qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın və parlamentlərarası dostluq qruplarının səmərəli fəaliyyəti dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov çıxış edərək bildirib ki, Azərbaycan ilə Belarus arasında münasibətlər diplomatik əlaqələrin qurulduğu gündən etibarən yüksələn xətlə inkişaf edir. Qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun xidmətlərini xüsusilə qeyd etmək lazımdır.
O bildirib ki, 2024-cü ildə Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko işğaldan azad edilmiş Qarabağa səfər edib, yenidənqurma və bərpa işlərində Belarus şirkətlərinin də iştirak edəcəyini bəyan edib. Səfər zamanı kənd təsərrüfatı, sənaye, gömrük və digər sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Samir Şərifov qeyd edib ki, bu gün Ağdamda lift və eskalator istehsalı müəssisəsi, eləcə də digər rayonlarda fəaliyyət göstərən birgə müəssisələr iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nümunələridir.
Baş nazirin müavini vurğulayıb ki, ikitərəfli münasibətlərdə iqtisadiyyat, ticarət və investisiya sahələrinə xüsusi önəm verilir. Azərbaycan Belarus ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini davam etdirmək əzmindədir.
Çıxışlardan sonra tədbir mədəni proqramla davam edib.


