Fransadakı diplomatlarımız 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər
Parisdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Fransadakı azərbaycanlı diplomatlar Paris yaxınlığındakı Sən Klu qəbiristanlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və həmin dövrdə nəşr olunan “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəylinin qəbirlərini ziyarət ediblər. Ə.Topçubaşovun və C.Hacıbəylinin qəbirləri önünə əklil qoyulub, 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev və səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev çıxış edərək, Azərbaycanın müasir tarixinə qanla yazılmış 20 Yanvarın ölkəmizin azadlıq, müstəqillik mübarizəsinin şərəfli səhifəsi olduğunu qeyd ediblər.
Bildirilib ki, 36 il əvvəl Qanlı Yanvar gecəsində baş verənlər Azərbaycanın istiqlalı yolunda milli məfkurədən güc alan qarşısıalınmaz azadlıq istəyinin başlanğıc mərhələsi idi. Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi, milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı.
Vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə ilk siyasi qiymət verildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı.


