Sergey Lavrov: Cənubi Qafqazda yaranan məsələlər region ölkələri və onların ən yaxın qonşuları tərəfindən həll edilməlidir

Cənubi Qafqazda yaranan məsələlər yalnız regionda yerləşən ölkələr və onların ən yaxın qonşuları tərəfindən həll edilməlidir.
“Report”un məlumatına görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov İrəvanda keçirilən mətbuat konfransında bildirib.
"Xarici ölkələrin region dövlətləri ilə əlaqələrini inkişaf etdirməsinə qarşı heç bir etirazımız yoxdur, bir şərtlə ki, belə qarşılıqlı əlaqə gərginlik yaratmağa və ya heç bir yaxşı nəticəyə gətirməyən geosiyasi oyunlar naminə yerli ölkələrin maraqlarını nəzərə almamağa yönəlməsin", - Lavrov vurğulayıb.
O qeyd edib ki, Rusiyanın mövqeyi səmimi və gizli motivlər olmadan işləməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olmaqdır.
"Yanaşmamız çərçivəsində Rusiyanın İrəvan və Bakının sülh sazişinin bağlanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, həmçinin dövlət sərhədinin delimitasiyası, demarkasiyası vasitəsilə hərtərəfli sülhə, razılığa nail olmağa doğru irəliləməsinə bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqlədik", - Rusiya XİN başçısı bildirib.
S.Lavrov hesab edir ki, Avropa İttifaqı öz mexanizmlərini Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda da fəal şəkildə yaymağa çalışır: "Heç kim heç kimə dünyanın istənilən ölkəsi ilə münasibətlər qurmağı qadağan edə bilməz, bu, sıfır nəticəli oyun olmamalıdır. Gəlib demək olmaz ki, "biz sizi maraqlandıran layihələr təklif edəcəyik, amma siz konkret ölkə ilə ünsiyyəti dayandırın". Bu "Parçala və hökm sür" prinsipi Rusiyaya yaddır, bu prinsipdə azad heç nə yoxdur".