Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İordaniya mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr dərc edilib

41

İordaniyanın ən çox oxunan mətbu orqanlarında, xəbər saytlarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin bəyanatına istinad edilən məqalələrdə 1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksütyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımının etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunduğu qeyd edilib. Həmin dövrdə Qafqazın fövqəladə komissarı Stepan Şaumyanın etiraflarının bu qırğınların “əks-inqilabçılıqla mübarizə” pərdəsi altında, əslində milli nifrət zəminində törədildiyini sübut etdiyi vurğulanıb.

Yazılarda, həmçinin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyi bildirilib. Təkcə Qubada 16 mindən çox insanın öldürüldüyü, 167 kəndin isə yerlə-yeksan edildiyi qeyd edilib. Dinc əhali ilə yanaşı, xalqın dini və mədəni irsinin də hədəfə alındığı, məscidlərin və tarixi abidələrin dağıdıldığı vurğulanıb.

Məqalələrdə, həmçinin müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyi bildirilib.

Yazılarda XX əsrin əvvəllərində həyata keçirilmiş bu qanlı soyqırımı siyasətinin sonrakı dövrlərdə də davam etdirildiyi, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı dövründə törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter aldığı vurğulanıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın