İntensiv yağıntılar və güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə necə təsir edib?

Azərbaycanda müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir.
Oxu.Az bu barədə hava limanına istinadən xəbər verir.
Qeyd olunur ki, uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır:
"Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40-50 m/s-yə qədər güclənib. Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışırlar. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir".
Sərnişinlərə hava limanına səfəri əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almaq, nəqliyyatın daha rahat təşkili üçün metronun "28 May" stansiyasından aeroporta hərəkət edən "Aeroexpress" avtobuslarından istifadə etmək, hər hansı sual və ya ehtiyac yaranarsa, hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət etmək tövsiyə olunur.