Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanlı gənc mütəxəssis ABŞ-də Dünya Bankının Gənclər Sammitində maliyyə inklüzivliyi layihəsi ilə çıxış edib – MÜSAHİBƏ

74

Azərbaycanda gənclərin keyfiyyətli təhsil alması, bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübə qazanması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən Dövlət Proqramları və göstərilən sistemli dəstək nəticəsində azərbaycanlı gənclər dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır, nüfuzlu beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil edərək müxtəlif sahələrdə fəal iştirak edirlər. Bu uğurlu gənclərdən biri “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Vorvik Universitetində magistr təhsili almış Günel Qasımlıdır. Beynəlxalq audit və konsaltinq sahəsində gənc mütəxəssis ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankının Gənclər Sammiti 2026 (“World Bank Group Youth Summit 2026”) tədbirində ölkəmizi təmsil edib.

AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanlı gənc mütəxəssis Günel Qasımlı nüfuzlu beynəlxalq platformaya seçilmə prosesi, sammit çərçivəsində əldə etdiyi təcrübə, təqdim etdiyi innovativ layihə və azərbaycanlı gənclərin qlobal platformalarda iştirakının əhəmiyyəti barədə danışıb.

– Günel xanım, “World Bank Group Youth Summit 2026” kimi nüfuzlu beynəlxalq tədbirə seçilmə prosesi necə baş verdi? Bu uğurun əldə olunmasında Dövlət Proqramı çərçivəsində qazandığınız təhsil və təcrübənin rolu nə oldu?

– “World Bank Group Youth Summit” dünyanın müxtəlif ölkələrindən seçilmiş gəncləri bir araya gətirən ən nüfuzlu beynəlxalq platformalardan biridir. İştirak üçün müraciətlər akademik və peşəkar fəaliyyət, liderlik təcrübəsi, ictimai təşəbbüslər, motivasiya və sammitin əsas mövzularına uyğun baxış əsasında qiymətləndirilirdi. Bu platformaya seçilmək mənim üçün böyük sevinc və eyni zamanda məsuliyyət idi. Azərbaycanı belə nüfuzlu beynəlxalq tədbirdə təmsil etmək qürurverici hiss idi. Hesab edirəm ki, bu uğurun arxasında indiyədək qazandığım akademik və peşəkar təcrübə dayanır.

Azərbaycan Dövlət Proqramının dəstəyi ilə Vorvik Universitetində maliyyə istiqamətində magistr təhsili almağım, hazırda beynəlxalq audit və konsaltinq sahəsində fəaliyyət göstərməyim, eyni zamanda, innovasiya, süni intellekt və dayanıqlı inkişaf layihələrində iştirak etməyim mənə həm fərqli baxış bucağı, həm də praktiki təcrübə qazandırıb. Məhz bu bilik və təcrübələr Dünya Bankı kimi qlobal platformada iştirak etmək üçün güclü zəmin yaratdı.

– Sammit çərçivəsində Dünya Bankı Qrupunun rəhbərliyi ilə keçirilən sessiyalarda və “Innovation Lab” proqramında hansı əsas mövzular müzakirə olundu? Komandanızın təqdim etdiyi layihənin mahiyyəti nədən ibarət idi?

– Sammit əsasən gələcəyin əmək bazarı, süni intellekt, inkişaf maliyyəsi, sahibkarlıq, investisiyalar və maliyyə inklüzivliyi mövzularına həsr olunmuşdu. Dünya Bankı Qrupunun Prezidenti Ajay Banga, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) icraçı direktoru Makhtar Diop və digər yüksəksəviyyəli rəhbərlərin çıxışlarını dinləmək, onların qlobal iqtisadiyyat və inkişafla bağlı baxışlarını yaxından öyrənmək mənim üçün olduqca dəyərli təcrübə idi

Mənim üçün tədbirin ən maraqlı hissəsi isə “Innovation Lab” oldu. Burada müxtəlif ölkələrdən olan iştirakçılarla birlikdə “Sofia” adlı layihə üzərində çalışdıq. Layihənin məqsədi maliyyə tarixçəsi olmayan gənc sahibkarların alternativ məlumatlardan istifadə etməklə banklar və maliyyə institutları üçün daha görünən olmasını təmin edən həll hazırlamaq idi. 

 

Komandamızda maliyyə hissəsinə cavabdeh idim. Layihənin maliyyə təklifini və biznes modelini hazırladım, maliyyə əsaslandırılması üzərində çalışdım və bu hissəni beynəlxalq auditoriya qarşısında təqdim etdim. Ümumilikdə tədbir ərzində iki dəfə səhnədə çıxış etmək imkanı əldə etdim. Layihəmiz ekspertlər və digər iştirakçılar tərəfindən maraqla qarşılandı, xüsusilə maliyyə inklüzivliyinə innovativ yanaşması müsbət qiymətləndirildi.

– Bu platformada Azərbaycanı təmsil etmək və beynəlxalq auditoriya qarşısında çıxış etmək kimi təcrübədən çıxardığınız əsas nəticələr hansılar oldu?

– Sammit mənə bir daha göstərdi ki, bu gün dünyanın müxtəlif ölkələrində gənclərin qarşılaşdığı problemlər əslində çox oxşardır. Məşğulluq, süni intellektin yaratdığı dəyişikliklər, maliyyəyə çıxış və yeni iqtisadi imkanlar artıq bütün ölkələrin ortaq gündəmidir. Bu problemlərin həlli isə yalnız beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və fərqli baxışların bir araya gəlməsi ilə mümkündür.

Mənim üçün ən dəyərli məqamlardan biri dünyanın müxtəlif ölkələrindən olan gənclərlə, Dünya Bankı Qrupu, IFC, investorlar, ekspertlər və siyasətçilərlə bir araya gəlmək, onların təcrübələrini dinləmək və fikir mübadiləsi aparmaq oldu. Eyni zamanda müxtəlif ölkələrdən olan iştirakçıların Azərbaycana böyük maraq göstərməsi və ölkəmiz haqqında suallar verməsi məni çox sevindirdi. Düşünürəm ki, bu cür platformalar gənclərə təkcə öyrənmək deyil, həm də öz ölkələrini tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq və gələcək layihələr üçün tərəfdaşlar qazanmaq imkanı yaradır. 

İnanıram ki, azərbaycanlı gənclərin belə beynəlxalq platformalarda daha fəal iştirakı ölkəmizin insan kapitalının və peşəkar potensialının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir. Mən də bu sammitdən qazandığım bilik, təcrübə və əlaqələri gələcək fəaliyyətimdə inkişaf maliyyəsi, innovasiya və dayanıqlı inkişaf istiqamətində ölkəmiz üçün faydalı təşəbbüslərə çevirməyi hədəfləyirəm.

Sonda onu da xüsusi vurğulamaq istərdim ki, bu beynəlxalq platformada iştirakım Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mümkün olub. İnanıram ki, gənclərin belə nüfuzlu beynəlxalq platformalarda iştirakına göstərilən dəstək onların peşəkar inkişafı ilə yanaşı, Azərbaycanın beynəlxalq mühitdə daha fəal və uğurlu şəkildə təmsil olunmasına da mühüm töhfə verir. 

Qeyd edək ki, Dünya Bankının Gənclər Sammiti təşkilatın ən böyük illik tədbiri hesab olunur. Bu platforma dünyanın hər tərəfindən 18-35 yaş arası gəncləri bir araya gətirir. 2026-cı il sammiti (13-cü buraxılış) Vaşinqtonda (ABŞ) keçirilib. Əsas mövzu üç əsas sahəyə - məşğulluq, təhsil və bacarıqlar, eləcə də sahibkarlığa yönəlmiş “Əməyin gələcəyi: Rəqəmsal dövrdə yeni peşələr” olub. Bu il tədbir 170 ölkədən 10 mindən çox iştirakçı toplayıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın