MDB PA-nın iclasında Azərbaycan xalqının faşizm üzərində Qələbədə rolundan danışılıb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş iclasında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak oldu. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış milli atıcı diviziyalar döyüşlərdə görünməmiş igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar.
Milli Məclis sədrinin sözlərinə görə, faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə – ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunurdu.
Bu tarixi qələbədə Azərbaycan neftinin böyük rolundan danışan S.Qafarova bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında həlledici rol oynamış ordunun tank və təyyarələrinin əksəriyyəti məhz Bakı neftçilərinin göndərdiyi yanacaqla işləyirdi.
Sahibə Qafarova çıxışında bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılması xalqımızın ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.