Kamçatkadakı turist böhranı nəzarət altındadır
Azərbaycanın Rusiyadakı Səfirliyi və Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu Kamçatkada çətinliklərlə qarşılaşan turist qrupunun tərkibində olan ölkə vətəndaşı Tatyana Dolivets ilə bağlı vəziyyəti nəzarətdə saxlayır.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, vəziyyət barədə məlumat daxil olduqdan sonra Rusiyanın müvafiq orqanları, həmçinin Kamçatkadakı Azərbaycan icmasının nümayəndələri ilə əlaqə yaradılıb. Hazırda vəziyyətin aydınlaşdırılması və növbəti addımların koordinasiyası üçün lazımi tədbirlər görülür.
Tatyana Dolivetsin özünün sosial şəbəkələrdə paylaşdığı məlumata görə, güclü yağışlar və çayın məcrasından çıxması səbəbindən Tolbaçik vulkanı ərazisindəki yol sel axınları nəticəsində su altında qalıb. Nəticədə yolun təxminən 30 kilometrlik hissəsi yuyulub aparıb ki, bu da turist qrupunun geri qayıtmasına imkan vermir.
Bununla belə, Kamçatka diyarının dövlət orqanları peyk rabitəsi vasitəsilə turistlərlə əlaqə saxlayır və vəziyyətə nəzarət edir.
Məhdud hava şəraiti səbəbindən qrupun hava nəqliyyatı, o cümlədən helikopterlər vasitəsilə təxliyə edilməsi imkanları hazırda məhduddur. Səlahiyyətli qurumlar turistlərlə əlaqə saxlanılması, onların vəziyyəti barədə məlumatların alınması və hava şəraiti imkan verən kimi təhlükəsiz yerə təxliyəsinin təşkili üçün tədbirlər görməyə davam edir.
Azərbaycanın Rusiyadakı Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu Rusiya rəsmiləri və Kamçatkadakı Azərbaycan icmasının nümayəndələri ilə koordinasiyanı davam etdirir.
Dolivets özü sosial şəbəkədə isti yerdə olduqlarını və yeməklərinin olduğunu yazıb.
14:59 Məcrasından çıxan çayın təxminən 30 kilometr yolu yumasından sonra Tolbaçik vulkanı ərazisində 100-ə yaxın turist sivilizasiyadan təcrid olunmuş vəziyyətdə qalıb. SHOT kanalı yazır ki, hətta insanları daşıyan böyüktonnajlı "Ural" yük maşını da irəliyə hərəkət edə bilmir.
Kamçatkada köməksiz vəziyyətdə qalanlar arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets, həmçinin Çin, Belarus, İsrail və Rusiyadan olan turistlər var.
Ərazidə rabitə demək olar ki, yoxdur, turistlərin böyük hissəsi çadırlarda qalır. Bəzilərinin ərzağı tükənmək üzrədir — ehtiyatlar təxminən bir günlük qalıb.
Sonradan Dolivets özünün İnstaqram səhifəsində yazıb: "Biz isti yerdəyik. Qızınmaq üçün evimiz var. İsti yataq kisələrimiz və çadırlarımız var. Şam yeməyinə bizə başqa düşərgədən yemək ötürüblər".


