Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Səfir: Əsirlikdə həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik

66

Almaniyanın Aşağı Saksoniya federal əyalətindəki Bergen-Belzen əsir düşərgəsində tarixi anlar yaşadıq. Belə ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı hərbi əsir məhz bu düşərgədə saxlanılıb, əzab çəkib və həlak olub. Biz bu gün onların xatirəsinə həsr olunan lövhənin açılışını etdik. Bu, Almaniya ərazisində səfirlik tərəfindən açılışı edilən üçüncü xatirə lövhəsidir. İlk xatirə lövhəsi iki il əvvəl Daxau əsir düşərgəsində açıldı. Ötən il isə Zaksenhauzen əsir düşərgəsində xatirə lövhəsinin açılışı oldu. Bu gün isə Bergen-Belzendə xatirə lövhəsinin açılış mərasimi keçirildi.

Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev AZƏRTAC-a müsahibəsində bildirib.

Azərbaycanın Almaniyadakı səfirliyinin əsir düşərgələrində həlak olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan N.Ağayev deyib: “İkinci Dünya müharibəsində Almaniyanın müxtəlif əsir düşərgələrində əzab çəkmiş, həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi bizim üçün böyük önəm daşıyır. Bu gün bu işin məsuliyyəti daha da böyükdür. Çalışmalıyıq ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunması barədə danışarkən Azərbaycan xalqının bu qələbəyə verdiyi töhfələr heç vaxt diqqətdən kənar qalmasın. Azərbaycan xalqı döyüş meydanlarında və neft məhsulları təmin etməklə faşizm üzərində Qələbənin əldə olunmasına böyük töhfələr verib. Bunun üçün də bu həqiqətlərin çatdırılması çox vacibdir. Bu gün alman dostlarımızla birlikdə bu xatirə lövhəsinin açılışında iştirak etdik. Bu kimi tədbirlərin davam etdirilməsi üzərində işləyəcəyik. Almaniyanın digər ərazilərində yerləşən əsir düşərgələrində də azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın