Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib - Hikmət Hacıyev

455

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

- Mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılmışdır. Bu məlumatı necə şərh edərdiniz?

- 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın