Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Şərqin parlaq siması, Xan qızı Natəvan: Yeni layihəyə start verilir

44

AZƏRTAC Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş silsilə yazılara başlayır. Layihə XIX əsr Azərbaycan ədəbi-mədəni mühitinin ən parlaq simalarından biri olan Natəvanın zəngin irsini, çoxşaxəli fəaliyyətini və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı müstəsna rolunu oxuculara daha dolğun şəkildə təqdim etməyi qarşıya məqsəd qoyur.

Silsilə yazılarda Natəvanın mənalı ömür yolu, poetik irsi, xeyriyyəçilik fəaliyyəti, Qarabağın ictimai-mədəni həyatının inkişafına verdiyi töhfələr, ailə mühiti, dövrünün görkəmli ziyalıları və söz adamları ilə münasibətləri, "Məclisi-üns" ədəbi məclisindəki fəaliyyəti, eləcə də onun şəxsiyyəti və yaradıcılığı ilə bağlı indiyədək geniş işıqlandırılmayan tarixi faktlar, arxiv materialları və elmi araşdırmalar əsasında hazırlanmış maraqlı məqamlar yer alacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2022-ci ildə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub. Yubiley münasibətilə həyata keçirilən tədbirlər çərçivəsində şairənin zəngin ədəbi-bədii irsinin təbliği, həyat və fəaliyyətinin daha dərindən araşdırılması, elmi ictimaiyyət və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində mühüm layihələr reallaşdırılıb.

Natəvanın irsi bütövlükdə milli mədəniyyət tariximizin qiymətli səhifələrindən biridir. Onun yaradıcılığında yüksək bədii-estetik dəyərlər, humanizm, vətən sevgisi, mənəvi saflıq və insanpərvərlik ideyaları xüsusi yer tutur.

Layihənin əsas məqsədi görkəmli şairənin zəngin irsini müasir baxış bucağından təqdim etmək, onun Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin inkişafındakı müstəsna xidmətlərini geniş oxucu auditoriyasına çatdırmaq, eyni zamanda, Natəvan şəxsiyyətinə və yaradıcılığına marağın daha da artırılmasına töhfə verməkdir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın