Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır
"Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir:

"Yeni ailə sağlamlıq mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi iki ailə sağlamlıq mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub. Həmçinin artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3.5 milyon nəfəri əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək.
Kadr potensialının gücləndirilməsi istiqamətində Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib.
Ümumilikdə ölkə üzrə 78 ailə sağlamlıq mərkəzi, 871 həkim məntəqəsi, 1 168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur".
Sədr vurğulayıb ki, həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq.


