Bakıda XIV Beynəlxalq Altay topluluqları simpoziumu keçirilir

Sentyabrın 9-da AMEA Rəyasət Heyətinin binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay topluluqları simpoziumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Altayşünaslığın dünəni, bu günü və sabahı” mövzusuna həsr edilmiş tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TÜRKSOY, Türk Tarix Qurumu, Beynəlxalq Türk Akademiyası və Xaricdəki Türklər və Əqrəba Topluluqları Başqanlığının (YTB) dəstəyi, AMEA-nın və Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilir.
XIV Beynəlxalq Altay topluluqları simpoziumuna Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiyadan nümayəndələr qatılıb.
Tədbiri açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Altayşünaslıq üzrə beynəlxalq elmi toplantıların dünya türkologiya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib.
İsa Həbibbəyli simpoziumun 1926-cı ildə Bakıda, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunmasının xüsusi tarixi və elmi məna daşıdığını vurğulayıb. O, bir əsr öncə keçirilən həmin mötəbər qurultayda türk xalqlarının dili, tarixi, mədəniyyəti və elmi araşdırmalarının gələcəyi ilə bağlı aparılan müzakirələrin bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultayın yaratdığı elmi ənənələrin davam etdirilməsi və müasir tədqiqatlarla zənginləşdirilməsi türkologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Akademiya prezidenti bu baxımdan XIV Beynəlxalq Altay topluluqları simpoziumunun Azərbaycanla beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək, tədbirin Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinin bu simpozium üçün mühüm tarixi məna kəsb etdiyini vurğulayıb. Professor İlhan Şahin yüz il əvvəl Bakıda bir araya gələn alimlərin türk xalqlarının dili, tarixi, mədəniyyəti və cəmiyyətləri ilə bağlı mühüm müzakirələr apardıqlarını xatırladıb.
Alimin sözlərinə görə, artıq XIV dəfə keçirilən Altay xalqlarının simvolik qurultayları bu məsələlərin elmi müstəvidə müzakirəsi üçün mühüm platformaya çevrilib. O, builki toplantıda Altay xalqlarının miqrasiyası və köçləri, dil, ədəbiyyat, tarix, din və inanclar, ailə dəyərləri, ənənələr və digər məsələlərin müzakirə ediləcəyini vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türkologiya araşdırmaları tarixində yeni mərhələnin əsasını qoyduğunu deyərək bildirib ki, ötən 100 il ərzində türkologiya dil və ədəbiyyat araşdırmalarının hüdudlarını aşaraq tarix, arxeologiya, antropologiya, etnoqrafiya, incəsənət tarixi, genetika və rəqəmsal humanitar elmləri də əhatə edən geniş fənlərarası tədqiqat sahəsinə çevrilib.
Şahin Mustafayev Altayın Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını, bu coğrafiyanın türk tarixinin, dillərinin və Avrasiyanın erkən mədəni proseslərinin öyrənilməsində mühüm istinad sahəsi olduğunu vurğulayıb. Altay araşdırmalarında ortaq irsə sahib çıxmaqla həmin irsi monopoliyaya almaq arasında mühüm fərqin olduğunu söyləyən akademik, tarixi-mədəni irsin hər hansı bir xalqın və ya dövlətin müstəsna mülkiyyəti kimi təqdim edilməsinin doğru olmadığını qeyd edib.
Onun sözlərinə görə, Altay araşdırmaları müxtəlif xalqların tarixi əlaqələrini və mədəni mübadilələrini nəzərə alan, açıq və müqayisəli elmi yanaşma əsasında aparılmalıdır.
Tədbirdə, həmçinin Türkiyənin ölkəmizdəki səfirinin müşaviri Alptekin Cihangir İşbilir, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Tarix Qurumunun sədri, professor Haluk Selvi, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva və keçmiş TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi) başqanı Halit Eren çıxış edərək, Altay xalqlarının ortaq tarixi və mədəni irsinin dərindən öyrənilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıblar.
Beynəlxalq tədbirdə Avrasiyanın tarixi və mədəni inkişafında mühüm rol oynayan Altay topluluqlarının tarix, mədəniyyət və sivilizasiya irsinin ayrı-ayrı aspektləri müzakirə olunub.
Dörd gün davam edəcək simpozium çərçivəsində 15 ölkəni təmsil edən alim və mütəxəssislərin, ümumilikdə, 121 məruzəsinin dinlənilməsi nəzərdə tutulur.


