Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Rusiyada əfsanəvi geoloq Fərman Salmanovun 95 illiyi qeyd olunur

39

Rusiyada Qərbi Sibirin neft-qaz ehtiyatlarının mənimsənilməsində mühüm rol oynamış, Sibir neftinin ilk kəşfçilərindən biri olan görkəmli geoloq Fərman Salmanovun anadan olmasının 95 illiyi münasibətilə anım tədbirləri keçirilir.

AZƏRTAC xəbər verir ki, əsas yubiley tədbirləri Xantı-Mansi Muxtar Dairəsi – Yuqra və Tümen vilayətində təşkil olunub.

Xantı-Mansiyskdə neft-qaz sənayesi veteranları Fərman Salmanovun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Geologiya, Neft və Qaz Muzeyində əfsanəvi geoloqa məxsus şəxsi əşyalar, sənədlər, fotoşəkillər, mükafatlar və xatirə eksponatlarının nümayiş olunduğu sərgi açılıb.

Regionda tematik sərgilər, ekskursiyalar və sahə veteranları ilə görüşlər keçirilib. Surqut Tarix-Diyarşünaslıq Muzeyində Açıq Qapı Günü təşkil olunub, Meqionda "Neft kəşfləri dövrü", Langepasda isə "Neft insandan başlayır: F.K.Salmanov" adlı sərgilər açılıb.

Surqutda anım tədbirləri "Fərman Salmanov Xatirə Kompleksi" ev-muzeyində keçirilib. Mərasim iştirakçıları geoloqun büstü önünə gül dəstələri qoyublar. Ziyarətçilər isə onun 1950-ci illərin sonlarında ailəsi ilə birlikdə yaşadığı evi ziyarət edib, ilk neft kəşflərinin tarixi ilə tanış olub, həmçinin R-1 ilk kəşfiyyat quyusuna baş çəkiblər.

Yubiley tədbirlərinin ən yaddaqalan hadisələrindən biri Fərman Salmanovun portreti ilə bəzədilmiş "Utair" aviaşirkətinə məxsus Mi-8MTV-1 helikopterinin təqdimatı olub. Helikopterin bədii tərtibatı Yuqra hökumətinin təşəbbüsü ilə rəssam Andrey Olxovski tərəfindən hazırlanıb. Vertolyotun bundan sonra da regionun neft yataqlarında fəaliyyət göstərəcəyi bildirilir.

Yuqra qubernatoru Ruslan Kuxaruk qeyd edib ki, məhz ilk kəşfçilərin cəsarəti, əzmi və inamı sayəsində region Rusiyanın neft sənayesinin strateji mərkəzlərindən birinə çevrilib. O xatırladıb ki, Fərman Salmanovun rəhbərlik etdiyi ekspedisiya 1961-ci ildə eyni vaxtda bir neçə iri yataq kəşf edərək Qərbi Sibirin genişmiqyaslı mənimsənilməsinə zəmin yaradıb. Hazırda Yuqrada Rusiyada hasil olunan neftin təxminən 40 faizi, dünya neftinin isə 5 faizi çıxarılır.

Sahə veteranları Fərman Salmanovu həmişə sözünün sahibi olan, insanlara böyük diqqət göstərən, əməkdaşlarını təkcə peşəkar fəaliyyətlərində deyil, şəxsi həyatlarında da dəstəkləyən rəhbər kimi xatırlayıblar.

Tümendə də yubiley münasibətilə anım tədbirləri keçirilib. Burada "Geoloji Şöhrət" meydanının açılışı olub. Yeni ictimai məkanda Qərbi Sibirin yeraltı sərvətlərinin mənimsənilməsinə töhfə vermiş 370 görkəmli geoloqun adı əbədiləşdirilib. Meydanda Fərman Salmanovun xatirə lövhəsi də açılıb.

Fərman Salmanov 1960-cı illərin əvvəllərində Orta Ob bölgəsində aparılan kəşfiyyat ekspedisiyasına rəhbərlik edib və həmin dövrdə bölgənin ən iri neft yataqlarının aşkar olunmasında həlledici rol oynayıb. Onun rəhbərliyi ilə 130-dan çox neft və qaz yatağı kəşf edilib. Hazırda Surqut hava limanı, bir gimnaziya, bir sıra küçələr, eləcə də hava və çay gəmiləri onun adını daşıyır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın