Haysam Əl-Qays: Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

2025-ci ilin 3-5 iyun tarixlərində regionun ən önəmli enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) 30-cu yubileyini qeyd edəcək. “Baku Energy Week”in əsas hadisəsi isə 4–5 iyun tarixlərində keçiriləcək “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayır.
“Baku Energy Forum” 2025 iştirakçılarına Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays salamlama məktubu ünvanlamışdır. Onun məktubunda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğu vurğulanır. “OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı olan Azərbaycan əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilmişdir. Bu, COP 29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, regionun enerji təqvimində önəmli yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha vurğulanacaq”, – deyə o salamlama məktubunda bildirmişdir.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays 2024-cü ildə “Baku Energy Week”in açılışında iştirak etmişdir və foruma salamlama məktubu göndərmişdir.
“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.