Azərbaycan muzeylərinin nadir eksponatları: “Orifiyanın oğurlanması” tablosu
AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından olan unikal əsərlərlə tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” seriyasını davam etdirir.
Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasına Avropa Barokko rəssamlığının görkəmli ustalarından biri olan Françesko Solimena tərəfindən çəkilmiş “Orifiyanın oğurlanması” tablosu daxildir.
Neapolitan rəssamlıq məktəbinin parlaq nümayəndəsi kimi tanınan Solimena (1657–1747) bu əsərdə Barokko dövrünün xarakterik bədii xüsusiyyətlərini - dram, dinamizm və ziddiyyətli obrazların yaratdığı daxili münaqişəni ustalıqla ifadə edir.
Rəsmin mövzusu qədim yunan mifologiyasından qaynaqlanır. Rəvayətə görə, şimal küləyi tanrısı Borey Afina çarı Erextiyanın qızı Orifiyaya aşiq olur. Lakin onun sərt və vəhşi görünüşü qızda qorxu hissi oyadır və onun sevgisini rədd edir. Günlərin birində Orifiya anası ilə İlissus çayının sahilində rəqs edərkən qəfildən əsən külək onu havaya qaldırır və qara buludların üzərində Boreyin yaşadığı qayalara aparır. Daha sonra onlar evlənir və dörd övlad - atalarının gücünü və qanadlarını miras alan iki oğul, Zetus və Kale, habelə iki qız dünyaya gəlir.
Solimenanın əsərləri Barokko sənətinə xas olan dinamik kompozisiya quruluşu, xüsusən də diaqonal xətt üzərində qurulmuş hərəkət, işıq və kölgənin dramatik oyunu və zəngin rəng palitrası ilə xarakterizə olunur. Rəssam Boreyin güclü və qətiyyətli fiqurunu Orifiyanın zərif və saf bədəni ilə ziddiyyət təşkil edən şəkildə təsvir edir. Bu vizual qarşıdurma Barokkonun fundamental estetik prinsiplərinə uyğun olaraq inkişaf edir və həm bədii, həm də emosional gərginlik yaradır.
Boreyin Orifiyanı qaçırması səhnəsi Delosdakı Afina məbədinin frontonunu bəzəyir və ona tez-tez vaza rəsmlərində rast gəlinir. Bu səhnə İtaliya İntibah və Barokko dövrlərində olduqca məşhur idi. Avropa rəssamlığında A. Karraççi, P. Rubens, K. Le Brun və F. Buşe kimi rəssamlar da bu mövzuya toxunublar. Françesko Solimena bu mifə qeyri-ənənəvi perspektivdən yanaşıb, onu estetik və simvolik dərinliklə zənginləşdirib. Onun əsərləri XVII-XVIII əsrlərin Barokko rəssamlığının klassik nümunəsidir.


