Pekinde Cin Milli Simfonik Orkestri ile Azerbaycan klassik musiqisi seslenib
13 sentyabrda Pekinin ən mötəbər konsert salonlarından biri olan Milli İfaçılıq Mərkəzinin böyük zalında (NCPA) Azərbaycanlı musiqiçilərin Çinin Milli Balet Teatrının böyük simfonik orkestri ilə uğurlu konserti baş tutmuşdur. Həmin orkestrə rəhbərlik edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev geniş, rəngarəng və mürəkkəb konsert proqramını dinləyicilərə təqdim edib. "Azərbaycandan xoş arzularla" başlığı altında keçən konsertdə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli (bəstəkarın 140-lik yubileyinə həsr olunub) və Fikrət Əmirovun müxtəlif janrda yazdığı əsərlərlə bərabər istedadlı Azərbaycan bəstəkarı və pianoçusu, Respublika müsabiqələri laureatı Tamilla Əhədovanın özünün müəllifi olduğu Fortepiano və orkestr üçün konsertinin Çində premyerası gerçəkləşib. Böyük marağa səbəb olan ifadan sonra gənc bəstəkar Tamilla Əhədova xüsusi olaraq dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi kompozisiyanı çinli tamaşaçılar üçün ifa edir. Sürəkli alqışlarla qarşılanan konsertin birinci bölümünün davamında isə dirijor Əyyub Quliyev və Çin Milli simfonik orkestrinin təqdimatında O. Respiqi, D. Şostakoviç və P. Çaykovskinin geniş həcmli simfonik əsərləri ayaqüstü alqışlarla qarşılanıb. Dinləyicilərin istəklərini nəzərə alaraq azərbaycanlı dirijor və yerli musiqiçilər əlavə olaraq Çində xüsusi olaraq sevilən "Wanquang River" kompozisiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, gecədə Azərbaycanın Çində Fövqəladə və Səlahiyyətli səfiri Bünyat Hüseynov, Çin Milli İfaçılıq Mərkəzinin Prezidenti Veng Ning, Çinin Xarici İşlər və Kommersiya Nazirliklərinin rəhbər şəxsləri, tanınmış yerli ictimai və mədəniyyət xadimləri iştirak edib. Qeyd etmək lazımdır ki, 2024-cü ilin avqustunda dirijor Əyyub Quliyev Çin Milli Baleti ilə bərabər həyata keçirdiyi Fikrət Əmirovun "1001 gecə" baletinin premyerası Pekində yeni opera teatrının açılışı ilə yadda qalıb.