Mariya Bieşu Beynelxalq Opera Festivalında Azerbaycan iştirak edir
14 sentyabr - 05 oktyabr tarixlərində Moldovanın paytaxti Kişinevdə dünya opera sənətinin görkəmli simalarından biri olan Mariya Biyeşunun 90-lik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı baş tutmuşdur. Müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq - Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Holland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilmişdir.
Cüzeppe Verdinin "Bal maskarad" operası ilə başlanan festivalın proqramında təqdim olunan "Yevgeniy Onegin", "Sevgi şərbəti", və "Turandot" kimi böyük səhnə əsərləri ilə bərabər "Don Kixot" və "Romeo və Cülyetta" baletləri də festivalda xüsusi maraqla qarşılandı. Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri C. Puççinin "Turandot" operası oldu. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılandı. Operada eyni zamanda Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı ona daha da rəng qatmışdır. Tamaşada Azərbaycanın Moldovada Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Milli Opera Teatrının direktoru Nikolau Doxotaru, Milli Filarmoniyanın müdiri Svetlana Bivol və Moldova Radio Simfonik Orkestrinin bədii rəhbəri Georgiy Mustya dinləyicilərin arasında xüsusi qonaq qismində iştirak etmişlər. Festival 5 oktyabrda təntənəli qala konsert proqramı ilə tamamlandı.