Komitə sədri bölgələrdə orta tibb işçilərinin çatışmazlığından danışdı

"Bölgələrdə ciddi həkim çatışmazlığı ilə yanaşı orta tibb işçilərinin də çatışmazlığı var".
Oxu,Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, həkimlərlə yanaşı xəstəxanalarda yüksək tibbi xidmət göstərmək üçün orta tibb işçiləri də hazırlanmalıdır:
"Orta tibb xidmətini yaddan çıxarmaq olmaz. Tibbi xidmətin 80-90 faizi orta tibb xidməti işçiləri tərəfindən həyata keçirilir. Həkim əməliyyatını etdikdən sonra pasiyentin vəziyyəti ilə orta tibb işçisi məşğul olur. Buna görə, orta tibb işçilərinin xidmət səviyyəsinin artırılması və statuslarının yaxşılaşdırılması üçün ciddi addımlar atmalıyıq".
"Plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər"
"Azərbaycanda çox geniş imkanlara malik klinikalar fəaliyyət göstərir, lakin bu, kifayət deyil. Bu klinikalarda müasir tələblərə cavab verən mütəxəssislər çalışmasalar, əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyədə olmasından danışa bilmərik".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O, çıxışı zamanı plastik cərrahiyyə sahəsində atılan addımlara toxunub və bu istiqamətdəki işləri dəstəklədiyini bildirib:
"Plastik cərrahiyyə sahəsində hətta həkimlik diplomu olmayan şəxslərin fəaliyyəti insanların haqlı narazılığına səbəb olub. Çünki qeyri-peşəkar şəxslərin işləri nəticəsində ağırlaşmalar, hətta ölüm hallarına da rast gəlinirdi. Aidiyyəti qurumların bu istiqamətdə atdığı addımları uğurlu hesab edirəm. Bu sahədə monitorinqlərin keçirilməsi nəticəsində operativ qaydada qabaqlayıcı tədbirlər görüldü və yalnız mütəxəssislərin bu fəaliyyətlə məşğul olmasına icazə verildi. Bununla da plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər. İcazəsi olmayanlar isə bu fəaliyyətdən uzaqlaşdırılacaqlar".
"Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur"
"Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, Azərbaycanda əczaçılıq sahəsində kifayət qədər çatışmazlıq var:
"Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur. Seçicilərlə görüşərkən dərmanların qiyməti, əlçatanlığı və s. barədə kifayət qədər narazılıqlar eşidirik. Buna görə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi ilə birgə bu barədə xüsusi müzakirələr aparmağa ehtiyac olduğunu düşünürük.
Düzdür, bu barədə müzakirələrimiz olub, müəyyən işlər də aparılıb, amma şikayətlər azalmır".