Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

SOCAR-ın vitse-prezidenti: "Uzunmüddətli qaz müqavilələrinə yenidən baxılması gözlənilmir"

303

SOCAR-ın vitse-prezidenti: "Uzunmüddətli qaz müqavilələrinə yenidən baxılması gözlənilmir"

 
"Cari bazar dəyişkənliyi və Avropada istehlakçı davranışının dəyişməsi fonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mövcud müqavilələrə yenidən baxılmasını və ya yenilərinin restrukturizasiyasını gözləmir".

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uzunmüddətli müqavilələr olmadan böyük infrastruktura və zəruri maliyyələşdirməyə (CAPEX) malik layihələr sadəcə mövcud ola və inkişaf edə bilməzdi:

"Cənub Qaz Dəhlizi"ni misal göstərə bilərik: bizim uzunmüddətli qaz müqavilələrimiz var və bu, maliyyələşdirmənin cəlb edilməsində həlledici amil olub. Bəli, əlbəttə, bazar dinamikasından və layihələrin növündən asılı olaraq, biz qısamüddətli və ya spot sövdələşmələrə girməyə hazır ola bilərik, lakin indiki mərhələdə mövcud offtake-müqavilələrə yenidən baxmırıq və ya onları yenidən razılaşdırmırıq".

Neft və qaza tələbatın gözləniləndən tez pik həddə çatması riskləri və şirkətin tələbatsız aktivləri üzrə risklərin nə qədər böyük olması ilə bağlı sualı cavablandıran Ə.İsayev qeyd edib ki, SOCAR 2050-ci ilə qədər belə bir ssenarini nəzərdə tutmayan OPEC-in proqnozları ilə razıdır:

"Bizdə lazımi infrastruktur var, məsələn, boru kəmərləri. Bizim buradan İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizimiz və Aralıq dənizinə çıxan "Bakı-Tbilisi-Ceyhan" neft kəmərimiz mövcuddur. Çox maraqlı tərəfdaşlar və yenilikçilərlə əməkdaşlığa başlamışıq. Məsələn, biometan istehsalı kimi aşağı karbonlu yanacaqları nəzərdən keçiririk. İkinci istiqamət ekoloji cəhətdən davamlı aviasiya yanacağıdır. Üçüncüsü sintetik metandır. Bundan əlavə, neft-kimya məhsullarımıza da baxırıq. Nəyə əl atsanız, hər şeydə karbohidrogen var. Buna görə, neft-kimya məhsullarına tələbatın azalacağına əminik", - deyə şirkət nümayəndəsi vurğulayıb.

SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı planlaşdırır

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin "China Energy" şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır".

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər" adlı sessiyada bildirib.

Xatırladaq ki, noyabrın 14-də "SOCAR Green" və "China Energy Overseas Investment Co. Ltd." şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə dair müqavilə imzalayıb. Həmçinin "China Energy" və "China Datang Co. Ltd." şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.

Ə.İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda bp ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan "Şəfəq" günəş elektrik stansiyasının tikintisinə başlayıb.

"Bu layihə Xəzər regionunda ən böyük neft-qaz terminalının - Səngəçal terminalının karbonsuzlaşdırılması yolunda mühüm addım olacaq. Bu, karbon izini azaltmaq üzrə səylərimizin birinci mərhələsidir. İkinci mərhələ dəniz obyektlərinin karbonsuzlaşdırılmasına yönəldiləcək", - o deyib.

Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan "Abu Dhabi National Oil Company" (ADNOC) ilə də əməkdaşlığa başlayıb.

Ə.İsayev vurğulayıb ki, Azərbaycan geotermal energetikanın inkişafı üçün ciddi potensiala malikdir. Bununla əlaqədar noyabrın 14-də SOCAR "Baker Hughes" şirkəti ilə geotermal mənbələrin işlənməsinə dair müqavilə imzalayıb: "Geotermal quyuları qazarkən biz elektrik enerjisi istehsalı üçün əlverişli olan, temperaturu 120 dərəcədən yuxarı olan su tapa bilərik. Temperatur aşağı olarsa, resurslardan istilik üçün istifadə edilə bilər. Biz bu yola yeni başlamışıq və imkanları qiymətləndirmək üçün bir il ərzində araşdırmalar aparacağıq".

SOCAR-ın vitse-prezidenti, həmçinin 2026-cı ilə qədər Bakı Neft Emalı Zavodunda səmt qazının məşəldə yandırılmasını dayandırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, COP29-da "Baker Hughes" ilə hüquqi öhdəliyə dair müqavilə imzalanıb.

"Neft emalı zavodumuzda səmt qazının məşəldə yandırılmasının aradan qaldırılması mühüm nailiyyət və yaxşı başlanğıc olacaq", - Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycandan kənarda da bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.

"2017-ci ildə "SOCAR Türkiye" 55 MVt gücündə quruda külək elektrik stansiyasını istismara verib. Gürcüstan, Rumıniya və İsveçrədə isə şirkət enerji təchizatında ənənəvi mənbələrdən günəş enerjisinə keçir. Hətta İsveçrədə, kiçik də olsa, ilk hidrogen layihəsinə başlamışıq. Biz yeni tərəfdaşlıqlara hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam edirik", - Ə.İsayev vurğulayıb.

Əfqan İsayev: "SOCAR külək parkları üçün avadanlıq istehsalını lokallaşdırmağı planlaşdırır"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə külək parkları üçün avadanlıq istehsalının bir hissəsini Azərbaycanda lokallaşdırmağı nəzərdə tutur.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR 2035-ci ilə qədər milli enerji şirkətinə çevrilməyi hədəfləyir:

"SOCAR artıq sırf karbohidrogen şirkəti deyil, balanslaşdırılmış portfelə malik enerji şirkəti olacaq. Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafında üzləşdiyimiz əsas problemlərdən biri enerji şəbəkəsinin dəyişkən mənbələrdən enerji qəbul etmək imkanlarının məhdud olmasıdır. Buna görə əlavə balanslaşdırıcı güclərə - buxar-qaz qurğuları, batareya enerji saxlama sistemləri və ya onların kombinasiyasına ehtiyac var".

SOCAR rəsmisi əlavə edib ki, ikinci çağırış açıq dənizə çıxış imkanının olmamasıdır:

"Külək parkları üçün tələb olunan bəzi avadanlıqlar, məsələn, 92-94 metr uzunluğunda pərlərin ölkəyə gətirilməsi çox çətindir. Bu səbəbdən ümid edirik ki, gələcəkdə istehsalın müəyyən növlərini Azərbaycanda lokallaşdıra biləcəyik".

Ə.İsayevin sözlərinə görə, digər problem isə mövcud infrastruktur və avadanlıqların bir hissəsinin sovet dövründən qalmasıdır:

"Buna görə də üçüncü çağırış əsas fəaliyyət sahələrinin dekarbonizasiyasıdır. İstehsal proseslərinin modernləşdirilməsi və rəqəmsallaşdırılması böyük investisiyalar tələb edir".

SOCAR yeni texnologiyadan istifadə etməklə 100 milyon kubmetrə yaxın qaz itkisini aradan qaldıracaq

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın "İtalgas" şirkətinin əməkdaşlığı ilə metan sızmalarının aşkar edilməsi və onların aradan qaldırılması üçün qabaqcıl "Picaro" texnologiyasından istifadə etməyə başlayıb".

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində təşkil edilmiş "SOCAR-ın dekarbonizasiya sahəsindəki irəliləyişi: problemlər və nailiyyətlər" sessiyasında çıxışı zamanı bildirib.

"Biz artıq Bakıda bu texnologiyadan istifadə edirik. Pilot layihə 4 min kilometr qaz kəmərini əhatə edir və indiyədək onun 850 kilometri yoxlanılıb. "Picaro" sızmaları müəyyən etdikdən sonra xüsusi "Picaro" cihazları olan komandalarımız onları dəqiqləşdirmək və aradan qaldırmaq üçün sızma yerlərinə göndərilir. Bu hələ başlanğıcdır. Biz smart sayğacları, süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırırıq və gələn il keçiriləcək COP30-da əldə edilən irəliləyişləri bölüşməyə hazırıq", - Ə.İsayev deyib.

Onun sözlərinə görə, SOCAR monitorinq, hesabat və yoxlama (monitoring, reporting and verification, MRV) sisteminin təkmilləşdirilməsinə də diqqət yetirir. "Keçən ilin sonunda mövcud sistemimizi yenidən təhlil etdikdən sonra onun kifayət qədər səmərəli və analitik olmadığı qənaətinə gəldik. Bu yaxınlarda yeni MRV sistemi seçdik, müqavilə bağladıq və onu tətbiq etməyə başladıq. Qərarların qəbulu üçün vaxtında və dəqiq məlumat vermək üçün o sistem metan süni intellekt sistemimizlə inteqrasiya olunacaq", - Ə.İsayev qeyd edib.

O vurğulayıb ki, peyklərin, dronların və yerüstü cihazların (məsələn, OGI kameraların) istifadəsini əhatə edən kompleks yanaşma çərçivəsində SOCAR artıq 1 100-ə yaxın sızma aşkar edib və bu, təxminən 100 milyon kubmetr qaz itkisinə uyğundur. "Bu günə kimi 350 sızma aradan qaldırılıb və şirkət yaxın aylarda bu rəqəmi 400-ə çatdırmağı, gələn ilin sonuna qədər isə problemi tamamilə aradan qaldırmağı planlaşdırır", - SOCAR-ın vitse-prezidenti söyləyib.

Ə.İsayev, həmçinin qeyd edib ki, SOCAR aşağı karbonlu biznesin inkişafı imkanlarını fəal şəkildə araşdırır: "Biz iki yanaşmanı nəzərdən keçiririk - texnologiyalar və bacarıqları müstəqil şəkildə inkişaf etdirmək və ya tərəfdaşlarla əməkdaşlıq etmək. Seçimimiz dekarbonizasiya həllərinin həyata keçirilməsini sürətləndirməyə yönəldiləcək".

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın