Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
Bu barədə Trend nazirliyə istinadən xəbər verir.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 30 gün müddətinə, 6.74% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl 3 dəfə depozit hərracı keçirilib. 1-ci hərracda vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21% orta çəkili faiz dərəcəsi ilə, 2-ci hərracda isə vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7,04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Ən sonuncu depozit hərracında isə vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6,8 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.