BMU-İNHA ikili diplom proqramı üzrə süni intellekt mühəndisliyi ixtisasına qəbul aparılır
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində kompüter elmləri (süni intellekt mühəndisliyi) ixtisası üzrə qəbul davam edir. BMU bu müasir və strateji əhəmiyyət daşıyan ixtisası ölkəmizdə tədris edən ilk universitetlərdən biridir.
BMU-dan AZƏRTAC-a bildirilib ki, proqram süni intellekt sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını hədəfləyir. Tədris proqramı alqoritmlər, maşın öyrənməsi, dərin öyrənmə, neyron şəbəkələr, kompüter görməsi, təbii dilin emalı, verilənlərin analitikası və intellektual proqram təminatının hazırlanması kimi müasir istiqamətləri əhatə edir. Tələbələr qabaqcıl proqramlaşdırma dilləri, proqram platformaları və süni intellekt texnologiyalarından istifadə etməklə layihəəsaslı təlim, elmi-tədqiqat fəaliyyəti və praktiki tapşırıqlar vasitəsilə peşə səriştələrini formalaşdırırlar.
İxtisasın məzunları dövlət və özəl sektorda, yüksək texnologiyalar sənayesində, elmi-tədqiqat müəssisələrində və innovasiya mərkəzlərində süni intellekt həllərinin hazırlanması, ağıllı qərarvermə sistemlərinin yaradılması, verilənlərin təhlili və avtomatlaşdırılmış sistemlərin inkişafı istiqamətlərində peşəkar fəaliyyət göstərmək imkanına malik olurlar.
Tədrisin ingilis dilində təşkili tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını təmin edir, xarici universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıq imkanlarını genişləndirir, həmçinin məzunların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına əlverişli şərait yaradır.
Qeyd olunub ki, təhsil 3+1 modeli əsasında təşkil olunur. Tələbələr üç il BMU-da, bir il isə İNHA Universitetində təhsil alırlar. Təhsil müddətinin sonunda məzunlara İNHA Universiteti tərəfindən süni intellekt mühəndisliyi, BMU tərəfindən isə kompüter elmləri ixtisası üzrə bakalavr diplomu təqdim edilir. Bu ixtisas üzrə məzunlar süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, proqramçı, proqram təminatı üzrə mühəndis, data analitik və digər vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.
Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçərək 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. İxtisas üzrə 26 nəfər təhsil almaq hüququ qazanacaq.
Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika, ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak üçün tələb olunan sənədlərin “onlayn anket” vasitəsilə təqdim olunmasının son tarixi avqustun 1-i saat 23:55-dir.
Daxili imtahan avqustun 4-də keçiriləcək, nəticələr isə avqustun 6-da elan olunacaq.
BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Qəbul edilmiş namizədlər rəsmi İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azad olur. İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.
Xatırladaq ki, BMU-İNHA ikili diplom proqramı “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.


