Qazaxıstan neft və qaz kəşfiyyatı üçün az öyrənilmiş rayonların siyahısını təsdiqlədi
Qazaxıstan karbohidrogenlərin kəşfiyyatı və hasilatı üçün yararlı olan, az öyrənilmiş yer təki sahələrinin siyahısını təsdiqləyib. Bu addım investorlar üçün perspektivli neft-qaz regionlarının mənimsənilməsində iştirak etmək adına yeni imkanlar açır.
Bu barədə Qazaxıstan Respublikasının Energetika Nazirliyi məlumat yayıb.
Siyahı Energetika Nazirliyi tərəfindən Sənaye və Tikinti Nazirliyi ilə birgə, yer təki sektorunda geoloji kəşfiyyata investisiyaların cəlb edilməsinə yönəlmiş islahatlar çərçivəsində təsdiq edilib.
Qazaxıstanın "Yer təki və yer təkindən istifadə haqqında" Məcəlləsinə ilk dəfə olaraq "az öyrənilmiş ərazilər" anlayışı, həmçinin bu növ ərazilərdə yer təkindən istifadə hüququnun verilməsi mexanizmi daxil edilib. İslahat məhdud geoloji tədqiqatlara və yeni karbohidrogen yataqlarının kəşf edilməsi potensialına malik perspektivli sahələri əhatə etmək məqsədi daşıyır.
Yeni mexanizm çərçivəsində investorlar təsdiqlənmiş siyahıya daxil edilmiş rayonlarda yer təkindən istifadə hüququnun verilməsini müstəqil şəkildə təşəbbüs edə biləcəklər. Maraqlı şirkətlər seçilmiş yer təki sahəsi üzrə hərracın keçirilməsi xahişi ilə Energetika Nazirliyinə müraciət edə bilərlər. Müraciətlərə nazirlik tərəfindən 10 iş günü ərzində baxılacaq. İmtina üçün əsaslar olmadıqda, hərrac barədə elan növbəti beş iş günü ərzində dərc olunacaq.
Yer təkindən istifadə hüquqları müstəsna olaraq açıq hərrac vasitəsilə veriləcək. Ən yüksək abunə bonusu (qeydiyyat bonusu) təklif edən iştirakçı qalib elan olunacaq və bundan sonra karbohidrogenlərin kəşfiyyatı və hasilatı üzrə standart müqavilə imzalanacaq. "Müqavilə investorların üzərinə minimal geoloji kəşfiyyat proqramını yerinə yetirmək öhdəliyi qoyacaq. Yer təkindən istifadəçilər ilk üç il ərzində lisenziyalı sahənin azı 30%-ni əhatə edən 2D formatında seysmik tədqiqatlar aparmalı, növbəti üç il ərzində isə ən azı bir kəşfiyyat quyusu qazmalıdırlar", — deyə nazirliyin bəyanatında bildirilir.
Energetika Nazirliyinin məlumatına görə, bu yanaşma yer təkindən istifadə hüquqlarının verilməsində şəffaf mexanizmi təmin etməklə yanaşı, perspektivli rayonlarda faktiki kəşfiyyat fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Yeni sistem az öyrənilmiş regionlarla bağlı daha yüksək geoloji riskləri nəzərə alır və yeni karbohidrogen ehtiyatlarının axtarışını maliyyələşdirmək istəyən investorlar üçün əlavə stimullar yaradır. Nazirlikdən qeyd ediblər ki, bu mexanizmin tətbiqi geoloji kəşfiyyatı intensivləşdirməyə, Qazaxıstanın resurs bazasını genişləndirməyə və ölkənin neft-qaz sektorunun gələcək inkişafını dəstəkləməyə kömək edəcək.


