Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan və Rusiya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

299

23 iyul 2024-cü il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.

Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.

Həmin gün, nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırki vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın