Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir

44

Aprelin 20-də Malayziyanın Kuala-Lumpur şəhərində “DSA 2026” 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə (“Azərsilah”) məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Eyni zamanda, “Azərsilah”ın stendində Azərbaycanın “USH Group”, “Synapline”, “Q-STP”, “6L Systems” və “RD Smart” şirkətləri də öz məhsullarını sərgiləyir.

Malayziyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən “DSA 2026”da 50 ölkədən 600-dən çox yüksəksəviyyəli nümayəndə heyəti, 1400 şirkət iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziyanın müdafiə nazirinin müavini Adli bin Zahari və Sinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Benq ilə görüşüb.

Görüşlərdə mövcud münasibətlərin ümumi vəziyyəti müsbət qiymətləndirilərək, qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər müxtəlif platformalarda əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.

Eyni zamanda, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsinin rolu, həmçinin gələcəkdə belə dialoqların davam etdirilməsinin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sərgi aprelin 23-də başa çatacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın