Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

"The Ritz-Carlton Baku" hotelinin ərazisində yeni park açılacaq

468

Hazırlıq işlərinin başlanması haqqında Bakının Nəsimi rayonundakı 28 May küçəsində, "The Ritz-Carlton Baku" hotelinə qədər olan ərazidə yeni parkın salınması planlaşdırılır. Bu barədə Oxu.Az-a istinadən Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Qeyd olunur ki, təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb. Əraziyə ilkin baxış zamanı qəza vəziyyətində olan ağaclar aşkar edilib. "Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların zəif kök sistemi onların yıxılma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi üçün müəyyən təhdidlər yaradır. Mövcud vəziyyət nəzərə alınaraq, hazırlıq işləri çərçivəsində ərazidəki qəza vəziyyətində olan ağacların götürülməsi, gələcəkdə isə geniş yaşıllıq zonasının olduğu parkın yaradılması, yeraltı dayanacağın tikilməsi və xeyli miqdarda yeni ağacların əkilməsi planlaşdırılır".

Kəsmə qaydaları haqqında "Təəssüf ki, işlərin yerinə yetirilməsi zamanı yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsində aqrotexniki qaydalara əməl olunmaması faktı aşkar edilib. Ağacın gövdəsinin içəridən çürümüş olmasına baxmayaraq, bu, onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi zərurətini aradan qaldırmır. Ağac qəza vəziyyətində olsa və ya gövdəsi çürüdüsə belə, onun götürülməsi prosesi müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməlidir", – deyə İcra Hakimiyyətindən qeyd olunub. Açıqlamada bildirilir ki, aşkar edilmiş pozuntu ilə əlaqədar dərhal müvafiq inzibati-intizam tədbirləri görülüb. Həmçinin işdə yol verilən nöqsanlara görə birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib. "Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə aparılan işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında izahat işlərinin aparılması, həyata keçirilən işlərin məqsədi və qəza vəziyyətində olan ağacların yaratdığı risklər barədə onlara ətraflı məlumat verilməsi bir daha tapşirilib", – məlumatda qeyd olunur.

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın